bbc.co.uk navigation

Azərbaycan London Olimpiyadasında "qızıl medal əvəzində pul ödəyib"

Son yeniləmə: 23 sentyabr, 2011 - 11:18 GMT
Medallar

BBC-nin Newsnight proqramı Azərbaycanın Boks üzrə Dünya Kuboku - WSB (World Series Boxing) beynəlxalq boks təşkilatına milyonlarla dollar gizli odəniş etdiyini aşkara çıxarıb.

Təşkilatdan informasiya ötürənlərin sözlərinə görə, WSB rəhbəri iddia edib ki, bu pullar Azərbaycan boksçularının London 2012 Olimpiyada oyunlarına iki boks medalı qazanmasına təminat əvəzində verilib.

Olimpiadada boks oyunlarını təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının - AIBA (International Amateur Boxing Association) bir azərbaycanlının yarışlardan birinə 9 milyon dollar ödədiyini etiraf edib.

Ancaq onlar medallara təminat verilməsi üçün hər hansı razılaşmanın əldə edilmədiyini deyirlər.

AIBA-nın hüquqşünasları BBC-yə deyiblər ki, belə iddialar “cəfəng və tamamilə yanlışdır”.

AİBA boks idman növü üzrə idarəedici orqandır və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Professional boks liqası WSB onun təşəbbüslərindən biridir.

Boks təşkilatlarında işləyən məlumat ötürənlər Newsnight proqramına AİBA-nın WSB qurumunun baş əməliyyat rəisi İvan Xodabaxş haqqında iddialarla müraciət ediblər.

WSB Amerikada maliyyə çətinliklərilə üzləşmişdi və pula ehtiyacı vardı.

Təşkilatın daxilindən verilən məlumata görə, cənab Xodabaxş onlara deyib ki, Olimpiya boks turnirində Azərbaycandan ödənəcək pullar əvəzində azərbaycanlı boksçuların qızıl medal qazanmasını təmin etmək haqqında gizli razılaşma imzalanıb.

Təşkilatın daxilindən biri Newsnight proqramına deyib: “İvan bizim qarşımızda lovğalandı ki, WSB–nın kasıblaşmasından narahat olmaq lazım deyil. Azərbaycanlılar medalı qazananda WSB-də pul qazanacaq”.

Digər biri isə deyib ki, cənab Xodabəxş ofisə gəlib və deyib: “Xilas olduq – Azərbaycan bizi xilas elədi – biz də buna görə, onlara medal verməliyik”.

“O, milyonlarla dollar gizli ödənişin əvəzində Londonda veriləcək qızıl medallardan danışırdı” – daxildən məlumat verən deyib. “Medalları belə hay-küylə satırlar, təccüblüdür”.

Ancaq cənab Xodabəxş Newsnight proqramına deyib ki, Azərbaycanla hər hansı razılaşmanın imzalanmasına dair iddialar “ağ yalandır”.

"Mən kiməsə iki qızıl medal təklif etməyim və ya kiminsə Azərbaycana iki qızıl medal təklif etməsinə dair məlumatımın olmasına dair iddiaları rədd edirəm” – o, əlavə edib.

AIBA daha əvvəl iddia etmişdi ki, WSB Amerika üçün maliyyəni özəl İsverçə şirkəti ödəyib.

Ancaq Newsnight proqramının əldə etdiyi sənədlər cənab Xodabəxş, AIBA-nın icraçı direktoru Ho Kim və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov arasında 10 milyon dollarlıq kredit üçün sərmayə razılaşmasına dair kommunikasiyanı göstərir.

Sənədlərin arasında cənab Xodabəxşin Azərbaycanda nazirliyə belə bir xahiş yazdığını göstərən electron məktub da var: “Xahiş edirik, BDK Amerikanın hesabına mümkün qədər tez zamanda sərmayə pulunu keçirəsiniz”.

Newsnight cənab Xodabəxşdən bu ayın əvvəlində WSB-nın İsverçrədəki ofisində müsahibə alıb və ondan pulun mənbəyi barədə soruşub.

"WSB Amerika üçün pul burada, İsveçrədə mənzillənən bir investisiya şirkətindən gəlib" – o deyib.

Ancaq AİBA və WSB-nin hüquqşünasları pulun İsverçə şirkəti vasitəsilə olsa da, Azərbaycandan ödəndiyini artıq təsdiq edib. Ancaq onlar bu pullların Azərbaycan hokumətindən gəldiyini təkzib edir.

Onlar deyirlər ki, cənab Heydərov özəl azərbaycanlı sərmayəçini WSB-a təqdim edib və nazir və onun köməkçisi sərmayəçi ilə WSB nümayəndəsi arasında vasitəçi rolunu oynayıblar, çünki sərmayəçi ingilis dilində yaxşı danışmırmış.

Newsnight cənab Heydərovla ofisi vasitəsilə əlaqə saxlamağa çalışsa da, heç bir cavab almayıb.

Bu günədək anonim sərmayəçi WSB Amerikaya 9 milyon dollar vəsait ödəyib.

İdman oyunları təsisçisi Barri Herndən 2009-cu ildə WSB-nın maliyyə imkanlarına baxmaq xahiş olunmuşdu və o, təşkilatın pul qazana bilməyəcəyi qənaətinə gəlmişdi.

O, Newsnight proqramına deyib ki, hər hansı sərmayəçinin bu təşkilata böyük gəlir əldə etmək məqsədilə pul yatırmasına təəccüblənir:

"Əgər sərmayəçi bura 10 milyon dollar yatırırsa, mən onun yalnız başqa planetdən gəldiyini düşünə bilərəm”.

Olimpiya boks yarışlarında korrupsiyaya dair ittihamlar dəfələrlə səslənib.

Əfsanəvi boks şərhçisi Cim Nelli Newsnight proqramına deyib: "İllər boyu gizli razılaşmaların olduğu fikrinə düşməyə əsas verən kifayət qədər hadisələr baş verib".

AİBA və WSB-nin bəyanatı

Beynəlxalq Boks Assosiasiyası və Boks üzrə Dünya Kubokunun BBC Newsnight proqramının Azərbaycana London 2012 Olimpiadasındakı boks oyunlarında qızıl medal vəd etməsi iddialarına cavab olaraq yaydığı birgə bəyanatı

2010-cu ildə Boks üzrə Dünya Kuboku yarışlarını idarə edən WSB SA və İsveçrə investisiya şirkəti arasında BDK-nın Amerika françayzinqinin əməliyyatları üçün kredit alınmasına dair razılaşma imzalanıb. İsveçrə investisiya şirkəti azərbaycanlı investordan gələn kreditin alınmasına yardımçı olub. Bu kredit "sirr" deyildi və onun alınması heç bir qaydalara zidd olmayıb. Tərəflər arasında əməliyyat kommersiya əsaslı olaraq gələcəkdə yatırımlardan kommersiya mənfəətinin qaytarılmasını nəzərdə tutub. İnvestorun, sövdələşməyə əsasən haqqı olduğu, adının açıqlanmaması hüququna üstünlük verdiyi bir halda AIBA/WSB sərmayəçinin Azərbaycan hökuməti yox, (Fövqəladə Hallar üzrə Nazirlik yaxud da hər hansı başqa hökumət idarəsi olarsa) xüsusi olduğunu və heç bir vəsaitin Azərbaycan hökuməti tərəfindən gəlmədiyini təsdiqləyə bilər.

2012-ci il Olimpiyadasının qızıl medalları vədi əvəzində kreditin verilməsi barədə istənilən iddia cəfəng və tamamilə yanlışdır. AIBA/WSB hesab edir ki, bu cür ittihamlar tamamilə diskreditə olunmuş və öz maraqlarını güdən şəxslər tərəfindən edilib. AIBA/WSB-ni əsassız olaraq korrupsiyada ittiham etməklə yanaşı, onlar eyni zamanda boks üzrə Olimpiya medallarına layiq görülmə prosedurun və buna təsir göstərilməsinin qeyri mümkün olduğunun tamamilə anlamadıqlarını nümayiş etdiriblər.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.