
İslam Partiyası Mövsüm Səmədovun hicab əleyhinə çıxışların qurbanı olduğunu deyir.
Bakıda İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və digər partiya fəallarının növbəti məhkəmə prosesi avqustun 24-də davam edib.
2011-ci ilin yanvar ayında həbs olunmuş Mövsüm Səmədova qarşı qanunsuz silah saxlama, hakimiyyəti ələ keçirməyə cəhd və digər ittihamlar irəli sürülüb.
Tərəfdarları deyir ki, cənab Mövsümovun həbsinə səbəb onun məktəblərdə hicabın qadağasını və vətəndaşların "dini azadlıqlarını məhdudlaşdıran halları" pisləməsi olub.
Avqustun əvvəlində başlayan məhkəmə prosesinin davam etdiyi bir vaxtda, təxminən iki həftə əvvəl polis daha üç islamçı fəalı həbs edib.
Partiyanın sədr müavini Arif Qəniyev, islam-azeri.az veb saytının redaktoru Ramin Bayramov və dini nümayiş təşkil etməkdə ittiham olunan Abgül Süleymanovun həbsilə əlaqədar Milli Təhlükəsizlik nazirliyi və baş prokurorluq bəyanat yayıb və onların Bakıdakı İran Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan radikal dini qrup yaratdıqlarını bildirib.
Mədəniyyət Mərkəzindən bu ittihamlarla bağlı açıqlama almaq mümkün olmadı, İranın Azərbaycandakı səfirinin mətbuat və siyasi məsələlər üzrə müşaviri Abbas İsgəndərini təmsil etdiyini bildirən şəxs isə BBC-ə səfirliyin bu barədə heç bir mövqeyinin olmadığını deyib.

İranın Azərbaycanda qeyri-sabitlik yaratmaq cəhdləri barədə iddialar ilk dəfə səslənmir. İslam Partiyasının Azərbaycanda fəaliyyətinin 1995-ci ildə qadağan olunması və partiyanın əvvəlki liderlərinin həbsi də onların İranın kəşfiyyat xidmətlərilə əməkdaşlıq edərək hökuməti devirməyə cəhd ittihamları ilə izah olunurdu.
İslam inqilabı
İslam Partiyası öz üzvlərinin hicabın qadağan olunmasından sonra etdikləri çıxışların qurbanı olduqlarını deyir.
Partiyanın lideri Mövsüm Səmədov yanvar ayında məktəblərdə hicabın qadağan olunmasını tənqid edib və tərəfdarlarını dini haqları pozan hakimiyyəti devirməyə çağırıb.
Məktəbli qızların hicab geyməsi qadağan olunduqdan sonra Bakıda və bəzi rayonlarda hakimiyyətin dindarlara təzyiqlərini pisləyən və hicab geyilməsinə icazə tələb edən nümayişlər keçirilmişdi.
Hakimiyyət deyir ki, məktəblilərin dərsə "vahid məktəbli formasında" gəlməsini təmin etmək üçün tədris müəssisələrində hicaba icazə verilmir.
İslam Partiyası Azərbaycanda hakimiyyətə gəlmək istədiyini gizlətmir, ancaq bunu hökuməti devirmək yolu ilə etmək istəmədiyini deyir.
Hacı Əhədli Azərbaycan xalqı İslam partiyasına siz artıq iqtidara gəlin dediyi halda hakimiyyətə gələcəklərini söyləyib.

2010-cu ilin sonunda hicab qadağası ilə bağlı Bakı və bəzi rayonlarda nümayişlər keçirilmişdi.
Politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanda İslamçı qüvvələrin sayı az olsa da, mütəşəkkil olarsa, İslam İnqilabı istiqamətində addımlar ata bilərlər.
Azərbaycanda hər cür radikalizm üçün zəmin var, çünki davamlı şəkildə vətəndaş cəmiyyəti institutları, media, demokratik təsisatlar və partiyalar hakimiyyət tərəfindən dağıdılıb və Azərbaycanda ictimai-siyasi vakuum yaranıb - deyir Ərəstun Oruclu.
Beynəlxalq təşkilatların Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatlarında din azadlıqlarının pozulmasına dair tənqidlər də yer alır.
Allahın əmri
Hacı Əhədli BBC-ə müsahibəsində Azərbaycanda islamçıların İrandan adlıqları göstəriş əsasında fəaliyyət göstərmələrinə dair iddiaları da rədd edib. O, İranın yox, Allahın əmri ilə işlədiklərini deyir.
Əgər biz İrandan göstəriş almaqda suçlayırlarsa, niyə bizim üzvlər həbs olunanda onlardan heroin, silah-sursat çıxır. Niyə tutulandan sonra başqa ad qoyurlar? – deyib İslam Partiyasının rəsmisi.
MTN və Baş prokurorluğun bəyanatında deyilir ki, Azərbaycana qarşı xarici dövlətə kömək etməkdə şübhəli bilinən Abgül Süleymanov və digərləri İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları və beynəlxalq axtarışda olan və İranda yaşayan şəxslə sıx əlaqələr saxlayıb və təlimat alıblar.
Ərəstun Oruclu islamçıların ötən həftəki həbs dalğasını Azərbaycanın İrandan qisas alması kimi şərh edir: Söhbət Azərbaycan vətəndaşlarının saxta ittihamlarla həbsindən gedir və nəticədə onları İrana bağlayırlar – o, BBC-ə deyib.
Narazılıq
"İran həm də İsrailin Azərbaycanda İrana qarşı potensial hücumlar üçün hava bazası yerləşdirməsinin mümkünlüyündən narahat olmalıdır"
"Stratfor" Araşdırmalar Mərkəzi
Azərbaycan-İran arasında münasibətlər ötən həftə İran rəsmisinin Azərbaycan rəhbərliyini "İslama zidd hərəkətlərdə" ittiham etdiyi iddia olunan xəbərlərdən sonra gərginləşib.
İran mediasında bir müddət əvvəl yer almış məlumatlara görə, İran Silahlı qüvvələrinin rəhbəri Firuzabadi Azərbaycan prezidentinə xalqın "oyanışının" qarşısını almamağı məsləhət görüb və əks halda onu "amansız tale" gözlədiyini deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Bakıdakı səfirliyinə verdiyi etiraz notasının ardınca İran səfirliyi təkzib açıqlaması yaymışdı.
Səfirlik İran mətbuatında yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirmiş və anlaşılmazlıqda jurnalistləri suçlamışdı.
İran parlamentinin spikeri Əli Laricani bu gərginlikdən sonra bəzi rəsmilər heç bir səbəbsiz fikirlər söyləyərkən İran və qonşu ölkələr və ya digər İslam ölkələri arasında münasibətlərə ziyan vurmamalıdır bəyanatını verib.
Ərəstun Oruclu deyir ki, İrandan Azərbaycana qarşı oxşar mənfi çıxışlar əvvəllər də olub, ancaq bu dəfə prezidentin özü hədəfə alındığından rəsmi Bakı qəzəblənib və İrana qarşı açıq hücuma keçib.
İsrail amili
Stratfor mərkəzinə görə, iki ölkə arasında yaşanan son gərginliyin kökündə Azərbaycanın İsraillə strateji əməkdaşlığının inkişafı durur.
Azərbaycan və onun əsas ticarət partnyorlarından olan İsrail rəsmiləri arasında son vaxtlar aparılan danışıqlarda kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas yer tutur.
Stratfor öz mənbələrinə əsasən qeyd edir ki, Azərbaycanla kəşfiyyat əməkdaşlığı İranın nüvə proqramında irəliləyişinə dair İsrailin apardığı qiymətləndirmələrdə mühüm rol oynayır.
İran həm də İsrailin Azərbaycanda İrana qarşı potensial hücumlar üçün hava bazası yerləşdirməsinin mümkünlüyündən narahat olmalıdır.
Politoloq Ərəstun Oruclu İsrail və Azərbaycan əməkdaşlığının Tehran-Bakı münasibətlərində gərginlik yaradan amil olmasını istisna etməsə də, bunu daha çox spekulyasiya predmeti hesab edir və Azərbaycanın qəzəbli reaksiyasını İran generalının tənqidləri birbaşa Prezidentə yönəltməsində görür.
Bundan əvvəl də İrandan belə hədələr gəlmişdi, bu dəfə isə onlar birbaşa İlham Əliyevə ünvanlanıb" - deyir politoloq.
Təhlilçilər İranın çoxsaylı azərbaycanlı əhalisini də İranı qorxudan potensial gərginlik ocağı kimi görür.
Bəzi dəyərləndirmələrə görə İran əhalisinin 25 faizə qədəri azərbaycanlılardır və onların çoxu Tehranın onların haqlarını pozduğunu deyir.
Öz növbəsində, islam ekstremizminin baş qaldırmasından narahat olan Azərbaycan özünün şiə əhalisi arasında İranın nüfuzundan yaxşı xəbərdardır.
























